Ələt Azad İqtisadi Zonasının nümayəndə heyəti Türkiyədə səfərdə olub

Azərbaycanın Türkiyədəki səfirliyinin təşkilati dəstəyi ilə Ələt Azad İqtisadi Zonasının (ƏAİZ) İdarə Heyətinin sədri Valeh Ələsgərovun rəhbərliyi ilə nümayəndə heyəti Ankara və İstanbul şəhərlərində səfərdə olub.
Məqsəd Ələt Azad İqtisadi Zonasının təşviqat işlərinin aparılması, habelə türk şirkətlərinin zona haqqında məlumatlandırılması və onların buraya cəlb edilməsidir.
Səfər çərçivəsində, Ortadoğu Sənaye və Ticarət Mərkəzi Mütəşəkkil Sənaye Zonası, Ankara Ticarət Palatası, Ankara Sənaye Palatası, İstanbul Sənaye Palatası, Türkiyə İxracatçılar Məclisi, Xarici İqtisadi Əlaqələr Qurumu və Mərmərə Qrupu Vəqfi kimi nüfuzlu qurumlarla görüşlər keçirilib.
Görüşlərdə Ələt Azad İqtisadi Zonasında investorlara təqdim edilən fiskal və qeyri-fiskal imtiyazlar paketi, ƏAİZ-in strateji coğrafi mövqeyi, istifadəyə hazır ərazi-daxili və ərazi-xarici infrastruktur və mühəndis-kommunikasiya sistemləri ilə təchiz olunmuş sənaye torpaq sahələri və nəqliyyat-logistika mərkəzləri haqqında ətraflı təqdimatlar edilib. Eyni zamanda, səfər zamanı bir sıra türk şirkətləri ilə danışıqlar aparılıb, gələcək potensial əməkdaşlıq məsələləri müzakirə olunub.